22 Şubat 2013 Cuma

TİBB MƏRKƏZİ YOXSA (2) PULLU LABİRİNT

Ötən yazımın davamı olaraq yazıram. Tibb sahəsində 6 ilə yaxın təcrübəm var. Son 5 ildə isə sürətlə açılan yeni tibb mərkəzləri, apteklər, optikalar, müalicə və diaqnostika mərkəzləri, sağlamlıq və fitness klubları kimi yerləri təqib edirəm. Əvvəla onu qeyd etmək yerinə düşər ki, bundan öncəki yazıda da qeyd etdiyim kimi, nəaliyyət sayıla biləcək yeniliklər artıq tibb sahəsində özünü göstərməkdədir. Xaricdə təhsil almış həkimlərimizin gəlişi, bir sıra tibbi texnika istehsalında dünya liderlərinin Azərbaycana maraq göstərməsi nəticəsində son texnologiyaların həkimlərimiz və mütxəsisslər tərəfindən öyrənilməsi də gözəl nəticələr verir. 
Amma günümüzdə sektorun ən aktual problemlərindən biri tibb ocaqlarına inamsızlıqdır. Bu da özünü pasientlərin Türkiyə başda olmaqla bir sıra Avropa ölkələrinə üz tutması, maddi cəhətdən daha az təminatlı olan əhalinin isə Rusiya Federasiyası və ya İran İslam Respublikasına üz tutmasında göstərir. 
İnamsızlığın səbəblərini qısa sinifləndirsək;
1) Təhsil və təcrübə səviyyəsi 
2) Texniki təminat
3) Xidmət səviyyəsi
4) Qiymət 
Son günlərdə ətrafımdakı insanların dördüncü maddə ilə bağlı daha çox danışdığını nəzərə alıb bu gün sizə bu haqda yazmaq istəyirəm.
Konkret danışsaq problem belədir. Tibb mərkəzinə girdin, qeydiyyata salam verəndə artıq 20-30-40 AZN pul ödəmiş olursan. Daha sonra həkimin qəbuluna girirsən, oda tibb mərkəzinə aid bir formda müayinələrin qarşısına "quş" qoyur. Falan-filan müayinələrdən keç gəl yanıma. Səndə çıxıb yaxınlaşırsan qeydiyyata hər müayinəyə girmək üçün 30 AZN-dən ödəyirsən 3-4 fərqli müayinə və analizdən sonra gəlirsən həkimin yanına. Son olaraq 2 hal mümkündür. Birinci halda ən yaxşı halda həkim deyir problem yoxdur. Sadəcə 150-200 AZN-lik reseptləri qəbul elə keçib gedəcək. Xəstəxanadan ayrılan adam labirintdən canını qurtarmış birisi kimi olur. 
Amma ən xoşagəlməzi isə ikinci haldır. Müayinə nəticələrindən sonra ciddi bir xəstəlik aşkar olunur və ya əməliyyat olunacaq bir vəziyyət olduğu deyilir. Bax onda sözün əsl mənasında "həkim" adına yaraşmayan ağ xalatlı adam sevinir. "Bingo" udmuş kimi olur. Deyilən sözlər isə bu olur. Vəziyyətin ifadə şəkli isə belə olur: "Hmmm, çox ciddi xəstəlikdir, gərək uzun müddət müraciət edək. Hər şeyə hazır olmalıyıq" və yaxud "Oooo, siz çox gec gəlmisiniz, təcili əməliyyat olunmalısınız, bir az da gec gəlsəydiniz gec olacaqdı. Bəxtiniz gətirdi."
Belə bir xəbər eşidən xəstə yaxınının halını özünüz düşünün. Əlində olan hər bir şeyini verməyə hazır olan bir vəziyyətə düşür. Bu daha qəliz bir labirintin başlanğıcına oxşayır. Xəstənin keçmədiyi müayinə və analiz qalmır, xəstəxananın demək olar ki bütün əlaqəli cihazlarından keçirilir. Sonda alınacaq nəticə isə 50% qarantlı olduuna görə hər zaman ürək açan olmaya bilər.
Sizə məsləhətim xəstəxanalara müraciət etməmişdən öncə aşağıdakılara riayət etməyinizdir.
1)Prosedur boyunca sizə lazım ola biləcək müayinələr və onların qiymətləri. Bütün mümkün prosedurlar haqqında öyrənin. Bir deyil bir neçə yerdə öyrənin.
2)Keçəcəyiniz prosedurların ardıcıllığını qeyd edin.
3)Ödəniş tələb edən əlavə prosedurları tam dəqiqliklə öyrənin.
4)Xəstəyə əməliyyat tələb olunacaqsa orada qalacağı günlərin dəqiq sayını və göstəriləcək xidmətlər haqqında ətraflı məlumat alın. 
5)Müalicə üçün neçə dəfə müraciət edəcəyinizi hər ödənişin neçə qəbula keçərli olacağını öyrənin.

5 ay öncə ailə üzvlərimdən biri üçün əməliyyat tələb olunduğu deyildi. 3 fərqli yerdən araşdırdım. Həkimlərdən təcrübəli olanına və işinə cavabdeh duracağına əmin olduğum biri ilə əməliyyat razılığına gəldik. Lakin xəstəxanaya yerləşməmişdən öncə keçəcəyi bütün prosedurlar haqqında və tələb olunan vəsaitlər haqqında məlumat aldım. Yalnız bir dəfə pul ödədim və orada olduğu müddət ərzində göstərilən bütün xidmətlər üçün hər hansı bir vəsait tələb olunmadı. Hal-hazırda da sağlamlığı yaxşı vəziyyətdədir. 
Sağlamlıq pulla geri qaytarıla biləcək bir məhfum deyil. Heç olmasa xərclədiyimiz pulların onu qorumağımıza yardım etməsinə kömək edək...
Yazının davamı olacaq

5 Şubat 2013 Salı

TİBB MƏRKƏZİ YOXSA ... (1)



Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Doğurdanda bir çox sahəyə həm daxili həm də xarici investisiyalar yatırılır. Bu məbləğlər doğurdanda ciddi rəqəmlərdir. Hər bir sahədə olduğu kimi tibb sektorunda da bu inkişaf və yatırımlar göz önündədir. Dövlətin tabeliyində olan diaqnostika mərkəzləri, Hospitallar, Doğum evləri, Dispanserlər, Ambulatoriyalar təmir olunur. Müasir avadanlıqlarla təmin edilir. Düzdü bu avadanlıqları yüksək səviyyədə istifadə edə bilməyən mütəxəssis çatışmazlığı ciddi problemdir amma bu başqa yazımın mövzusudur. İnkişafı müqayisə edə bilmək üçün çox da uzaqlara getməyə ehtiyac yoxdur. Hələ 2000  2005-ci illərdə Türkiyə, İran və Rusiya kimi ölkələrin aparıcı tibb ocaqlarında Azərbaycan bölməsinin olması həmin yerlərə il ərzində Azərbaycanlə axınının olmasından xəbər verir. Təhsil fərqi, xidmət səviyyəsi, keyfiyyət göstəriciləri bir çox mənada fərqlənir ki, bu da qiymət cəhətdən fərqlənsə belə insanların “ucuz ətin şorbası olmaz” məsəlini əsasə alıb hərəkət etməsinə gətirib çıxarırdı. 

Amma artıq 2000-ci illərdə Türkiyə, Almaniya, Rusiya,Ukraniya və digər avropa ölkələrinə üz tutan gənc kadrlarımız bu gün tibb sektoruna öz töhvələrini verirlər. Bundan başqa əvvəllər xarici ölkələrdən ölkəmizə həkimlərin gəlməsi, müayinə və müalicə aparması, əməliyyatlar keçirməsi həm çox böyük məsrəf həmçinin böyük növbələr demək idisə, hal hazırda istənilən ölkədən istənilən sahədə mütəxəssis ölkəmizə təşrif buyura bilir. Hətta iş qədər ciddiləşib və gələnlərin sayı o qədər çoxdur ki, artıq bu bir sıra rəsmi prosedurlar tələb edir.
Bundan başqa tibb ocaqlarındakı avadanlıqlar və şərait təbii ki özəl sektorda da yüksələn xətlədir.  Amma mən daha çox mövzunun başqa tərəfini qabartmaq istərdim.

Gündəlik həyatımızda TV, sosial media və digər informasiya mənbələrində arası kəsilmədən tibb reklamları görürük. Saç əkilməsindən dırnaq uzadılmasına, ən primitiv xəstəliklərdən ən ağır xəstəliklərin müalicəsinə qədər hər xidmətin reklamlarını görürük. Bunlar arasında ixtisaslaşmış yerlər vardır ki, onlar konkret bölmədə xidmətlərini təklif edirlər. Məsələn, diş klinikası, göz klinikası, mədə xəstəlikləri. Əslində bu təqdirə layiq haldır. Çünki belə olan peşakər xidmət haqqında söhbət etmək olar. Bir problemin bir neçə mütəxəssisinin iş birliyi ilə müayinə və müalicədən də müsbət nəticə almaq olar. Amma iş pul qazanmaq məqsədinə çevrildisə artıq bu peşəkarlıqdan uzaq bir yerlərə doğru irəliləyir. Çünki bu zaman pasientlər sağlamlığa ehtiyacı olan insandan çox, yeriyən valyutalara oxşamağa başlayır. Detallı izahını verməyə çalışım.

Ən çox yayılmış hal olan yüksək mərtəbəli binaların birinci mərtəbəsində 2-3 müayinə diaqnostika cihazı alıb və yaxud mədə bağırsaq xəstəlikləri üzrə ixtisaslaşıb digər bölmələr üzrə də xidmət göstərməyə çalışmaq tibb mərkəzi anlayışından çox uzaqdır. Təsəvvür edin ki, bir oftalmoloq göz müayinəsi cihazı alır və göz əməliyyatları üçün düzgün əməliyyat otağı hazırlayır. Amma xəstəxanaya gələn pasientlərdən daha artıq gəlir etmək məqsədi ilə digər bölmə həkimlərini də müəyyən saatlarda dəvət edib sanki böyük tibb mərkəzi abu havası verməyə can atırlar. Bu özünü  aldatmaqdan başqa bir şey deyil. Tibb mərkəzlərimizin işləri və xidmətləri haqqında ehtiyac duyulduqca yazacam. Amma əsas olan onların reklamları ilə bağlı məsələni ön plana çəkmək istəyirəm. İstənilən sahədə olduğu kimi bu sahədə də yalan vədlər və reklam olunanlar reallığın fərqli olması da tez tez rastlaşdığımız hallardandır. Beləki, peşəkar və yüksək səviyyəli xidmət reklam edən yerlərdə ən azından pasientlərlə bir başa təmasda olan xidmət personalları belə riayət etmirlər. Ən sadəsi isə pasientlərə verilən yüksək sözlər əvəzinə sonluq, otaq otaq gəzdirilmək, lazım oldu olmadı bir neçə müayinədən keçirilmək və sonda da həmin tibb mərkəzinin aptekindən alınan 2-3 səhifəlik 150-200 AZN-lik reseptlərlə bitir.
Unutmayaq ki, tibb mərkəzlərinin dilimizdə çox gözəl bir xalq tərəfindən verilən adı var, Şəfa ocağı.
Yazımın davamı olacaq....

MƏNƏVİ BEYİN




Həyatımızın istənilən zamanında insan olaraq müəyyən vəzifələrimiz var. Dünyaya gəldiyimiz andan artıq ilk vəzifəmiz meydana gəlir. Övlad oluruq. Orta məktəbə getməyə başladıqdan sonra ailəmizi müəyyən mənada təmsil etməyə başlayırıq ki, bu vaxtdan etibarən daha 2 yeni vəzifə ilə tanış olmuş oluruq. Şagird və ailəmizi kənarda təmsil edən təmsilçi. Daha sonra təhsil başa çatdıqdan sonra iş həyatına atılırıq. Burada biz həm özümüzü, həm işdəki vəzifəmizi həmçinin üçüncü şəxslər qarşısında şirkətimizi təmsil edirik. Ailədə ata oluruq, əmi, dayı , dostlar, ikinci dərəcəli qohumlar qarşısında bəzi vəzifələrimiz. Əlbətdəki sosial vəzifələrimizi də unutmamalıyıq. Unutduğum başqa vəziflələrimiz varsa üzrlü hesab edin. Məqsədim vəzifələrimiz və onların təsnifatlarının izahatı deyil.

Keçək mətləbə. Bildiyimiz kimi, insanın özünü idarə etməsində ən vacib orqanımız beynimizdir. Beynimizlə malik olduğumuz bütün maddi varlıqlarımızı idarə edə bilirik. Bundan başqa qeyri-maddi olub maddi varlıq kimi də qəbul edəcəyimiz bəzi sahib olduqlarımızda beyin tərəfindən idarə olunur. Yuxarıda qeyd etdiyim həyat vəzifələrimiz və karyera vəzifələrimiz də daxil olmaqla bütün işlərimizi isə biz mənəvi beynimizlə dərk edib yerinə yetirməliyik. İnsan resursları sahəsində çalışan psixoloqların fərqli dillərdən tərcümədə “mənəvi beyin” adlandırdığı kəliməni biz xalq dilində ən çox “vicdan” adlandırırıq. Bu isə peşəkar iş həyatında “məsuliyyət” adlandırılır. Fikrimcə isə tək iş həyatında deyil həyatımızın hər bir mərhələsində “məsuliyyət” var və olmalıdır.


Bizə etibar edilən hər vəzifədə tam məsuliyyətini dərk etməklə həmin vəzifədə uğurlu ola bilərik. İstər övlad kimi, istər valideyn, istərsə də  iş adamı kimi vəzifəmizin məsuliyyətini tam anlamasaq demək ki, işimizi də tam yerinə yetirmirik və orada olmağımız yalnışdır. Buna bir çox nümunələr gətirmək olar. Bir neçə misal:
Futbol komandasında 11 nəfər mübarizə aparır. Əgər onlardan biri “mən olmasam guya nə olacaq və ya niyə özümə əziyyət verim, məndən başqa neçə oyunçu var” düşüncəsi ilə yanaşarsa həmin komanda artıq 10 nəfərlə oynayır deyə bilərik. Ən acınacaqlısı isə odur ki, bir komanda belə düşüncəli  bir deyil bir neçə nəfər ola bilər.
Bir istehsalat şirkəti. Anbar fəhlələrindən biri hər hansı xammal qutusunu gecikdirməklə istehsalatın bir neçə dəqiqə və ya saatlıq gecikdirə bilər. Bu isə şirkətin büdcəsinə böyük məbləğli zərbədir.
Pərakəndə satış sektoru. Satıcı və ya kassir bir başa şirkətin imicini təmsil edir. Edəcəyi hər hansı bir yalnış hərəkətə görə şirkət cavabdehdir.
Bəlkədə fikirləşmək olar ki, bu tip düşüncədə olan insanları əvəzləməklə hər şeyi həll etmək olar. Bu məsələnin ən asan həll yoludur deyə bilərəm. Amma ilk başdan ailədə övlada, şirkətdə personala məsuliyyətin aşılanmasını başqa bir və ya bir neçə şəxsin məsuliyyətidir. Bəli, bu bir zəncirvari bağlılıqdır. Əgər valideyn övladına, müdir personalına qarşı olan məsuliyyətini dərk etməzsə əsl problemlər buradan qaynaqlanar. Yenə də hər bir halda hər şey insanın özündən asılıdır.


Seçim öz əlimizdədir. Çalışaq həmişə “mənəvi beynimizi” istifadə etməyi unutmayaq.

Qalstuk kostyum böyük kreslo və yalnız göstəriş vermək



Azərbaycan xalqı olaraq nümunə götürməyi çox sevən bir xalq sayılırıq. İstənilən işdə evdə, işdə və hətda ümumi yaşam tərzimizdə. Uşaq vaxtından bizə “filankəs”in uşaqları nümunə göstərilir. Ağıllı uşaq modeli kimi təqdim olunur. Onun getdiyi yolla getməyimizə çalışılır. Onun üçün edilənlər bizim üçün edilir və s. Böyüyüb unversitetə girdikdən sonra müəllimlərimiz bir zamanlar orada uğurlu olmuş tələbələrini bizə nümunə göstərir və tez tez onları bizə xatırladırlar. Daha sonra iş həyatımızda rəhbərlər bizə bəzi işçiləri nümunə göstərirlər və onlar kimi olmağımızı tələb edirlər. Bununla da biz üstlərə qalxdıqca eyni qaydada davam edib, özümüzdən sonra gələnlərə eyni formada davranırıq.

Amma ən asas qabartmaq istədiyim məsələ, şirkətlərimizdə idarəçilik abu havası, idarəçilik düşüncəsi haqqında fikirlərimi paylaşmaqdır. Hal hazırda Azərbaycanda çox az sayda da olsa idarəçilik modelləri müasir idarəetmə modellərinə uyğun qaydada yəni idarəçi=koordinator+katalizator düstüruna əsasən hərəkət edir. Yəni onlar, idarəçiliyi tək kreslodan oturmaqla göstərişlər verməklə deyil, həmçinin özləri nümunə olmaqla yerinə yetirir. Davamında onu qeyd edim ki, Geyim etikası son illərdə yüksək səviyyədə inkişaf etməyə başlayıb. Artıq orta dərəcəli sahibkarlar da bu işə diqqət ayırmağa başlayıblar. İşçi heyyətinin şirkətin imicinə uyğun geyimlə təmin olunması da ürəkaçan məsələdir. Amma, bəli “amma”lar var. Şirkətdə müəyyən bir vəzifəyə qalxdıqdan sonra idarəçiliyi yuxarıda qeyd etdiyim formada anlayanlar yəni qalstuk taxıb, kresloda oturub , göstəriş verməklə məşğul olanlar yalnız bir müddət uğurlu ola bilirlər. Bu ən çox dövlət idarə etmə modelinə uyğun gəlir. Bu günə qədər ki təcrübəmdə həm öz şirkətimdə həmçinin bir neçə fərqli əməkdaşlıq etdiyimiz şirkətdə və əlbəttə ki, dostlarımın çalışdıqları şirkətlərdə bu “idarəçi” ideologiyası ilə hərəkət edənlərin uğursuzluğunun şahidi olmuşam.
İdarəçiyə əlbəttə ki, xarizmatik danışıq, göstəriş vermə qabiliyyəti, natiqlik və xüsusi geyim forması şərtdir. Ancaq ən əsası bütün bunları normal qaydada təmsil edəcək “idarəçi psixologiyası” ən vacib amildir. Çünki, ağacın yarpaqları, meyvələri və ucalığı onun kötüyü üzərində dayanır.